Xürrəmilərdə ailə dəyərləri və onlara atılan bəzi iftiralar barədəCeyhun Bayramlı - Azərbaycan Universitetinin doktorantı.
bayramli.ceyhun@gmail.com

Tarix elmində tədqiq olunmaqda olan Xürrəmilər hərəkatı ilə bağlı bir çox mühüm məqamlara bu günədək elmi səviyyədə aydınlıq gətirilməmiş, tarixi mənbələrdə əks olunan bəzi məsələlər diqqətdən kənarda qalmışdır. Bu məsələlərə xürrəmi toplumunda qadının yeri və rolu, xürrəmi qadınları barədə ərəb və fars dilli qaynaqlarda qeyd olunmuş mübahisəli məlumatlar, xürrəmilikdə qadın-kişi münasibətləri və qadın hüquqları kimi məsələlər də daxildir. 

Xürrəmilərin öz tarixi qaynaqları məlum olmadığına görə, xürrəmilikdə qadınlarla bağlı məlumatlara onlara düşmən olan Abbasi sarayının təsiri ilə yazılmış əsərlərdə rast gəlinir. Bu məlumatlarsa bir qayda olaraq özünün düşmən münasibəti, qərəzli və xürrəmiləri aşağılamaq məqsədi güdən yanaşması ilə diqqət cəlb edir. Mənbələrdə Xürrəmilər hərəkatına geniş yer ayrılmasının gerçək səbəblərindən biri də, heç şübhəsiz ki, xürrəmiyyə əqidəsinin xilafətin bütün şərq, şimal və mərkəzi bölgələrində geniş xalq kütlələri tərəfindən qəbul edilməsi olmuşdur, əks təqdirdə xilafət tarixçiləri xürrəmiyyə əqidəsinin əsaslarını sonrakı nəsillərin gözündən salmaq üçün bu qədər cəhd göstərməzdilər. Tarixi mənbə məlumatlarının məzmununda Abbasilər sülaləsinin maraqlarının təsiri isə əsrlər boyu davam etmiş və hətta orta əsrlərin tarix yazarlarının əsərlərinə belə sirayət etmişdir. Bu məlumatların məzmunu barədə isə ətraflı və ciddi əks-arqumentlərin köməyilə danışmaq lazım gəlir. 

Ərəb və fars dilli qaynaqlarda bir təriqət kimi təqdim olunan Xürrəmiyyə cərəyanının mənsublarına atılmış ən çirkin iftiralardan biri, şübhəsiz ki, xürrəmilərdə qadınların “toplumun ortaq malı” olması ilə bağlı ittihamdır. Nəzərə alsaq ki, VIII-IX əsrlərdə orta Asiya bölgəsi, Xorasan, Təbəristan, Deyləm, İsfahan, Cibəl, İraq və eləcə də şimallı-cənublu Azərbaycanda əhalinin böyük bir qismi Xürrəmiyyə əqidəsini qəbul etmişdi, onların qadınları barəsində bu iftira xarakterli məlumatların ünvanlandığı coğrafiyanı və insan sayını təsəvvür etmək elə də çətin deyil. Bu iftira xarakterli məlumatlar nəinki orta əsr tarix yazarlarının əsərlərinə, hətta müasir tarix elminə də sirayət etmiş, nəticədə xürrəmilik əqidəsi barədə yanlış məlumatlar on illər boyu tarix kitablarında, elmi ədəbiyyatlarda yer almışdır [1, s.255]. 

Bu məzmunda məlumatlar Səmaninin “Kitab-əl-ənsab”, Məsudinin “Müruc-üz-zəhəb”, Nizamülmülkün “Siyasətnamə”, Yafeinin “Mirət-ül-yəqzan”, İbn əl-Əsirin “Əl-kamil fi-t-tarix”, İsfəraininin “Ət-təbsir fi-d-din”, Bağdadinin “Əl-fərq beyn əlfirəq” əsərlərində yazılmışdır. Onların heç bir tutarlı fakta yaxud şahid ifadələrinə əsaslanmayan iddialarına görə, guya xürrəmilərdə qadınlar toplumun ortaq malı olmaqla hər kişiyə məxsus imiş və bu əxlaqsızlıq onlara adət halında hələ İslamdan xeyli əvvəl Məzdəkin təbliğ etdiyi əqidədən keçibmiş [1, s.367; 3, s.41; 4, s.13, 22, 29]. Onlar həmçinin iddia edirlər ki, ilin müəyyən (?) günlərində xürrəmilər kişili-qadınlı bir yerə toplaşıb, şərab içərək müxtəlif musiqi alətləri ilə eyş-işrət məclisləri təşkil edirmiş, məclislərin sonunda və ya gecədən keçmiş xürrəmi kişiləri çıraqları söndürərək qaranlıqda əllərinə keçən qadınlarla, hətta öz yaxın ailə üzvləri olsa belə, hər cür əxlaqsızlıq edirmişlər [4, s.12, 20]. 

Göründüyü kimi, bu məlumatlar böyük bir toplumun əxlaqi-mənəvi dəyərlərinə, milli-mental duyğularına, ailə qeyrəti, anaya hörmət kimi etalonlarına bəzi orta əsr ərəb və fars tarix yazarlarının münasibətini ifadə edir. Əsrlər boyu xürrəmi toplumunu, eləcə də, ona əqidəcə yaxın olan ələvi və qızılbaş toplumlarını onlara əks mövqedə olan cameə və hakim məzhəblər bu cür ağır ittihamlarla suçlamış, bu ittihamlara əsaslanan üzdəniraq fətvalar vermişlər. Halbuki bu haqda tarixi qaynaqların məlumatlarını təkzib edən kifayət qədər ciddi dəlillər və əks-arqumentlər vardır. Bu dəlillər ortaya qoyulmadıqca nəinki xürrəmilərin əxlaqi-mənəvi dəyərləri, həmçinin də, onların yaşam tərzi normaları, dini-məzhəbi dünyagörüşlərinin bir çox aspektləri və xürrəmilər hərəkatının dini-ideoloji mahiyyəti barədə tarix elmində dəqiq və obyektiv elmi nəticələr hasil etmək müşkül olacaqdır. 

Xürrəmilərdə qadınların toplumun ortaq malı olması iddiasını təkzib edən ən tutarlı dəlillərdən biri, bəlkə də birincisi, Xürrəmilər hərəkatının müxtəlif dövrlərdə üsyan qaldırmış rəhbərlərinin, xürrəmi ordusunun bölükbaşılarının, eləcə də, bu hərəkata dəstək vermiş yerli feodalların demək olar ki, hamısının ailəli olması faktıdır. Bildiyimiz kimi, ailəli olmaq konkret qadının timsalında ailə dəyərlərinə sahib olmaq və ailəsinə məxsus olan qadını bölüşməmək deməkdir, daha açıq ifadə etsək, ailəli olmaq konkret olaraq qadının toplumda olan hər kəsin nəzərində bir kişiyə məxsus olmasının sübutudur. Xürrəmilərin olduqca güclü ailə dəyərlərinin olmasını sübut edən faktlar xürrəmilikdə qadınların guya toplumun ortaq malı olması iddiasının çürüklüyünü söyləməyə əsas verir. İstər VIII əsrin ortalarında Əməvilərə qarşı üsyan qaldırmış və xürrəmilərin özlərinə imam bildikləri [4, s.72] Əbu Müslüm Xorasaninin, istərsə də Əbu Müslümdən sonrakı dövrdə hərəkata rəhbərlik etmiş Muğannanın, Cavidanın və Əbu İmranın evli olması, hətta onlardan bəzilərinin övladlarının ataların əqidə və yolunu davam etdirməsi barədə Təbərinin “Tarix ər-rüsul və-l-müluk” [7, s.420, 518], Dinəvərinin “Əxbar ət-tival” [1, s.377], Məqdisinin “Kitabül əl-bəd və-t-tarix” [1, s.375] əsərlərində maraqlı və təkzibedilməz məqamlar vardır. Xürrəmilər hərəkatının IX əsrin ilk yarısına öz damğasını vurmuş rəhbəri Babək Xürrəminin isə hətta bir neçə həyat yoldaşının olması mənbələrin məlumatlarında qeyd olunmuşdur. Məlum olduğu kimi, Babək hələ 816-cı ildə Bəzz qalasının sahibi və xürrəmilərin öndəri seçilərkən mərhum Cavidanın dul qadını ilə ailə qurmuş, təxminən 826-827-ci illərdə isə Sünik knyazı Vasakın qızı Doxtəri-Kəldaniyyəni almışdır [4, s.128, 150]. Bununla yanaşı, qaynaqların məlumatına görə, Bəzz qalasının süqutundan sonra Afşin tərəfindən əsir alınaraq Samirə şəhərinə gətirilən qadınlar arasında həm Babəkin, həm də onun oğullarının arvadları vardı [4, s.150-151]. Babəkin bir çox sərkərdələri, o cümlədən, onun baş sərkərdəsi Tərxan, Azin, İsmət əl-Kürdi və digərləri evli olmuşlar. Babəkin sərkərdəsi Azin öz qoşun dəstələri ilə mühasirəni yarıb çıxarkən öz ailəsini sonadək qoruyacağı barədə Babəkə məktub yazmışdı [1, s.331; 3, s.52]. Bundan sonra Afşinin əsgərləri onun ailəsini əsir götürsə də, Azin təkrarən qoşunla hücum edərək xilafət qoşununu dağıtmış, ailə üzvlərini əsirlikdən xilas etməyi bacarmışdı [1, s.332]. İsmət əl-Kürdiyə gəlincə, o, qızını Urmiya gölünün ortasında yerləşən Şahi qalasının sahibi, xürrəmilərə dəstək verən yerli feodal Məhəmməd ibnBəisə ərə vermişdi [1, s.285]. Bu məlumat eyni zamanda, Məhəmməd ibn Bəisin özünün də ailəli olduğunun sübutudur. Bundan başqa, mənbələrin məlumatlarına görə, 833-cü ildə baş vermiş Həmədan döyüşündən sonra Cibəl və Həmədan xürrəmilərinin bir hissəsi ailələrini qorumaq məqsədilə Babəkin də razılığı ilə şərqi Anadolu və Bizans torpaqlarına köçməyi qərara almış, bu məqsədlə 14 minədək xürrəmi döyüşçüsü öz ailələrini də götürərək hicrət etmişdi [8, s.3; 12, s.64; 17, s.47]. Babəkin edamından sonra da 16 min xürrəmi döyüşçüsünün öz ailələri ilə birlikdə Bizansa növbəti köçü olmuşdur [11, s.249251; 13, s.441].

Xürrəmilərə guya ailə dəyərlərinin olmaması və qadınların hər kəsin malı olması barədə iftiralar atan mənbə müəllifləri xürrəmilərin hörmət bəslədiyi Məzdəkə də fars mənbələrinə istinadən eyni böhtanları atmaqdan çəkinməmiş, hətta daha da irəli gedərək qadınların hər kəsə halal olması fikrinin xürrəmilərə guya hələ 2 əsr öncə yaşamış Məzdəkdən keçdiyini iddia etmişlər. Halbuki Məzdək özü də ailəli idi və edam olunduqdan sonra onun arvadı Xorrəmənin Məzdəkin inancında olan kəslərin yanına pənah aparması kimi tarixi faktlar vardır [1, s.259, 2, s.217]. Göründüyü kimi, bu faktlar xürrəmilikdə ailə dəyərlərinin mövcudluğunu, qadınların öz ərlərinin mübarizə amallarını bölüşərək onlara dəstək olduqlarını və xürrəmi kişilərinin öz ailəsi naminə qətiyyətlə vuruşduğunu söyləməyə əsas verir. 

Ortaya sual çıxır: elə isə nə üçün orta əsr ərəb və fars mənbələrinin bir çoxunda xürrəmilərin ailə dəyərlərinə qarşı bu dərəcədə aqressiv münasibət bəslənmiş, onlar kişili-qadınlı kütləvi əxlaqsızlıqda, kəbinsiz yaşamaqda və bir çox ağır ittihamlarla suçlanmışlar? Məsələnin problemli tərəfi ondadır ki, Abbasilərin saray məzhəbi olan mötəziliyyə cərəyanına mənsub din xadimləri Abbasi qoşunlarının işğal altında saxladıqları ərazilərdə ailə dəyərlərinə müntəzəm olaraq təcavüz etdikləri xürrəmiləri İslamdan saymır, kafir hesab edir və xürrəmilərin ailə faktorunu qəbul etmirdilər, bu səbəbdən də xilafət ordusu əsgərlərinin cinayətlərinə haqq qazandırmaq məqsədilə xürrəmilərin kəbinlərinin dindənkənar olduğunu iddia edirdilər. Bu mənada Abbasilərin hakim saray məzhəbinin üləması təsbit etdiyi şəriət qaydalarına istinad edərək, xürrəmilərin qadınlarla münasibətlərinin nigahdankənar olduğunu iddia etmiş, düşmən mövqedə olan bu toplumun ailə dəyərlərinin olmadığını göstərməyə və bu yolla kütlələrin gözündə düşmən tərəfi aşağılayıb nüfuzdan salmağa cəhd etmişlər. Onların bu qərəzli və iftiralarla dolu mövqeyini bölüşmüş ərəb və fars tarixçilərinin bu haqda fikirləri haqlı olaraq tanınmış tarixçi və şərqşünas-alimlər tərəfindən qətiyyətlə təkzib olunmuşdur [1, s.257-259; 9, s.72; 10, s.508; 14, s.258-259; 15, s.196; 16, s.21]. 

Xürrəmilərdə qadınların guya “toplumun ortaq malı” olması barədə qərəzli mövqe sərgiləyən ərəb və fars mənbə müəllifləri əslində bu ittihamın məhz İslama qədərki ərəb cəmiyyətinə ünvanlanmalı olduğunu və bu kimi əxlaqdan kənar yaşam tərzi normalarının məhz cahiliyyə dövrünün bədəvi ərəb cəmiyyətinə xas olmasından xəbərdar idilər. İslam tarixini tədqiq etmiş alimlər yekdil olaraq VII əsrə qədərki dövrdə ərəb toplumunda bir qadının hətta 500-ədək kişi ilə eyni vaxtda nigah münasibətində olmasının mümkünlüyünü və buna heç bir əngəlin olmadığını bildirirlər. Buradan aydın olur ki, xürrəmilərə çirkin iftiralar atan ərəb tarix yazarları həmin iftiraların məzmununu və motivini məhz əvvəlki dövrün ərəb adətlərindən götürüb, xürrəmilərə şamil etməyə çalışmışlar, sonrakı fars mənbə müəllifləri də eyni qeydlərlə bağlı məhz onların yazdıqlarına əsaslanmışlar. Ümumiyyətlə, bu kimi mənbə məlumatlarını araşdırarkən unutmaq olmaz ki, erkən orta əsrlərdə geniş xalq kütlələrinin yüksək mənəviyyat sahibi kimi tanıdığı tarixi şəxsiyyətlərə düşmən mövqedən yanaşan hakim dairələr onların bir çoxunu ölümündən sonra xalqın gözündən salmaq üçün bu cür saxtakarlıq metodlarına əl atmışlar. Eyni hal həm Sasani dövründə böyük nüfuz qazanmış Məzdəkə, həm Abbasilərə qarşı çıxış etmiş təriqət rəhbəri Cavidana, həm də cahanşümul tarixi şəxsiyyətimiz Babəkə münasibətdə müşahidə olunur. 

Hakim sülalənin maraqlarından çıxış edən mənbə müəlliflərinin xürrəmilərin guya qadınlı-kişili içki içib, musiqinin müşayiəti ilə əyləndikləri, sonra çıraqları söndürüb kütləvi əxlaqsızlıq etdikləri barədə iddiaları barədə fikir yürütmək üçün ilk növbədə heterodoksal İslami cərəyanlarda (xalq İslamında), xüsusən də, sufi yönümlü təriqətlərdə rast gəlinən ayini-cəm mərasimlərini tədqiq etmək gərəkdir. Çünki bir sıra mənbələrdə xürrəmilər məhz “batinilər”, “ibahiyyə sufiləri” kimi təqdim olunur [2, s.241; 4, s.14, 62]. Diqqət yetirdikdə görmək mümkündür ki, bu cür qərəzli mənbə məlumatlarına həm xürrəmilər, həm ələvilər, həm də qızılbaşlara münasibətdə yer verilmişdir. Osmanlı saray tarixçiləri həm qızılbaşların, həm də ələvilərin cəm mərasimləri ilə bağlı eyni məzmunlu iftiraları öz əsərlərində qeyd etmişlər [5, s.18]. Bu məlumatların bənzərliyi və eyniyyəti onu söyləməyə əsas verir ki, həqiqətən də xürrəmilərdə, ələvilərdə və qızılbaşlarda qadınlı-kişili cəm məclisləri təşkil olunmuşdur, lakin həmin bu məclislərin məqsədi, məzmunu, məğzi qaynaqlarda göstərilənlərdən tamam fərqli olmuşdur.

Mənbə müəlliflərinin bu toplantıların məqsəd və məzmunundan ümumiyyətlə xəbərləri olmamış, ya da öz məzhəbi maraqlarından çıxış edərək izah etmişlər. Xürrəmilərin, ələvilərin və qızılbaşların cəm mərasimlərinə digər məzhəblərdən, təriqət və cərəyanlardan, xüsusən də, hakim məzhəb nümayəndələrindən heç kimi buraxmamaları, həmçinin, təhlükəsizlik baxımından bu mərasimlərin keçirilməsini gizli saxlamaları mənbə müəlliflərinin bu haqda qeydlərinə təsirsiz ötüşməmişdir. Bu ayinlər zamanı çıraqların söndürülməsi hadisəsi isə aşağıdakı səbəblə əlaqədar olmuşdur: 

Xilafət əsgərlərinin qəfil hücumlarına uğramamaq üçün, cəm ayinləri keçirilən evlərin həndəvərində gözətçilər qoyulmuş, təhlükə hiss edən kimi bu gözətçilər həmin mərasim iştirakçılarını xəbərdar etmiş, dərhal çıraqlar söndürülmüşdür. Başqa sözlə, ayinlər zamanı çıraqlar təhlükəni önləmək məqsədilə söndürülmüşdür. Eyni hadisələr orta əsrlərdə Osmanlı dövləti daxilində yaşayan ələvi-qızılbaş toplumunun da başına gətirilmiş, onlar da özlərini qorumaq məqsədilə ayini-cəm keçirilən evlərdə çıraqları və şamları söndürmüşlər. 

Göründüyü kimi, xalq İslamına mənsub olan xürrəmiyyə, ələvilik, əhli-həqlik və qızılbaşlıq kimi batini təriqətlərin ayinicəm mərasimlərinə hakim məzhəblərin din xadimləri və mənsubları tərəfindən atılan “mum söndü” iftirasının gerçək səbəbi bu təriqətlərin mənsublarının özlərini qorumağa çalışması olmuşdur və söylənilən təhqiramiz iddialar da qarşı tərəfin öz rəqiblərini aşağılamaq cəhdlərindən başqa bir şey deyildir. 

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp