Qarabağın işğaldan azad edilməsindən sonrakı dövrdə Şərqi Zəngəzur-Naxçıvan marşrutunun yeni turizm imkanlarıGünel İsayeva- Naxçıvan Dövlət Universiteti, doktorant
E-mail: gunelisayeva@ndu.edu.az

Qarabağ və Şərqi Zəngəzur coğrafi mövqeyi, təbiəti, tarixi, mədəniyyəti ilə Azərbaycanın ən yüksək turizm potensialına malik ərazilərindən biridir. Qədim türk tayfalarından olan “Zəngi tayfası”nin (1) adı ilə bağlı olan Zəngəzur eyniadlı dağ silsiləsi ilə əhatələnmiş Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini əhatə edir. 2021-ci il 7 iyul dövlət başçısı Cənab Prezident İlham Əliyevin imzaladığı fərmanla ölkəmizdə rayonlaşma prinsipi 14 iqtisadi rayonla dəyişdirildi və artıq Yuxarı Qarabağ iqtisadi bölgəsi yox, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu anlayışı formalaşdı (2). Qarabağ Azərbaycanın 14 iqtisadi rayonlarından biridir. Ümumi sahəsi 7,253.5  km² olmaqla, 628,200 nəfər əhalisi var. Həmçinin bununla yanaşı Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisi 7,470  km²-dır və əhali sayı 341,200 min nəfərə yaxındır (3). Şərqi Zəngəzur iqtisadi rayonuna Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir. Şərqi Zəngəzurun kifayət qədər böyük iqtisadi potensialı var və bu, qeyri-neft sektorunda məhsul istehsalının sürətlə artmasına imkan verəcək.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizmin inkişaf tarixi qədim dövrlərə gedib çatır. Hələ işğaldan əvvəldə bu bölgədə yüksək turizm potensialı mövcud idi və tarixi, mədəni, ekoturizm, müalicə kimi turizm növlərinin inkişaf etdiyi bir region kimi tanınmışdır.

Turizm mütəxəssislərinin fikrincə, Azərbaycan turizmi ən yüksək inkişaf səviyyəsinə 1987-ci ildə nail olmuşdur. Həmin il respublikaya xarici ölkələrdən 50 min, SSRİ-nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdi. Turizm-Ekskursiya bürolarının təşkil etdikləri ekskursiyalarda isə 2,5 mln. nəfərdən artıq adam iştirak etmişdir. Elə həmin il Azərbaycan Respublikası vətəndaşlarının 10 min nəfəri xarici ölkələrdə, 300 min nəfərə yaxını isə SSSRİ ərazisində turist səfərlərində olmuşdu (11). Bu turistlərin isə əksəriyyəti, demək olar ki, yarıdan çoxu məhz Qarabağ və Şərqi Zəngəzur regionuna səfər etmişdilər.

Zəngilanda çoxlu sayda termal su mənbələri,  tarixi və dini abidələr, çinar meşəsi, Şimali və Cənubi Azərbaycanı birləşdirən Xudafərin körpüsü, ilk insan məskənlərindən olan Azıx mağarası, Füzulidə Şeyx Babı türbəsi, Mirəli türbəsi, Karvansaray kimi nümunələr burada ekoturizmin, mədəni-tanışlıq turizminin inkişafından xəbər verir. Xalq arasında “Xotavəng” və yaxud “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Kəlbəcərdə yerləşir. Bu obyekt Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Yəni rayon həm təbii imkanlarına, həm də tarixinə görə daim turistlərin maraq dairəsində olub və bundan sonra yenə də olacaq. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkandır. 

Rayon ərazisində isə əsasən qızıl, xrom yataqları üstünlük təşkil edir. Bununla yanaşı Kəlbəcər rayonundakı Şorbulaq və

Ağyataq kəndlərində civə yataqları mövcuddur,  Zalxagölü, Alagöl, Qaragöl və Dəlidağ, Qamışdağ kimi zirvələri(4) də turistik məkanlar olaraq əlverişli ərazilərdir. Laçın rayonu da geniş turizm potensialına malikdir. Ümumi sahəsi 21 min hektardan çox olan yasaqlıq və İlıqsu müalicəvi əhəmiyyətə malik mineral bulağı, zəngin fauna və florsı vardır. Burada toxuculuq və misgərlik, Xocavənd ərazisində isə heyvandarlıq, quşçuluq, taxılçılıq, bostançılıq Respublikanın “Qırmızı kitab”ına salınmış hündürlüyü 12 metr, yaşı 100 ildən çox olan azot ağacları da Qarakənd kəndində mühafizə edilir. Həmçinin Laçın rayonunun tarixi turizm potensialı böyükdür. Bura qədim tunc dövrünə aid olan kurqanlarla zəngindir və turistlər üçün cəlbedici ola bilər. Qarabağın ən gözəl guşələrindən biri olan, mədəniyyət ocağımız Şuşada “Ev turizmi” anlayışı hələ keçən əsrdən mövcud idi. Eləcə də Xələfli və Turşsu kəndlərində yerlilər təxminən 2 mindən çox ailələr öz evlərini turistlərin istifadəsinə təklif edirdilər. Turşsu müalicəvi suyu Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü və s. turizm üçün geniş perspektivlər vəd edən ehtiyatlar Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər tarixi turizm ehtiyatlarındandır. Əlavə olaraq onu da qeyd edək ki, Qarabağ iqtisadi rayonu yerüstü abidələrlə, zənginliklərlə yanaşı, yeraltı sərvətləri ilə də seçilmişdir. Ağdərə qızıl, qurğuşun, sink, mis, Kəlbəcər qızıl, Laçın vulkan külü, əqiq, jad, əlvan daşı Zəngilan qızıl, gümüş, Cəbrayıl vulkan külü, yəşəm, xalsədan kimi nadir əlvan metallar kimi yeraltı sərvətlərlə seçilirdi(3), hansı ki, turistlər üçün maraqlı suvenirlərin, hədiyyəlik əşyaların əsasını da məhz bunlar təşkil edir. Doğrudur, bu ehtiyatların demək olar ki, əksəriyyəti bugünümüzə qədər olduğu kimi gəlib çatmayıb. 30 illik işğal zamanı ermənilər yerüstü tarixi abidələrimizə, təbiət abidələrimizə xeyli ziyan vurub, yeraltı sərvətlərimizi isə istismar etmişdilər.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişhəcmli tikinti-quruculuq, abadlıq işlərinin aparılması buranı əsl cənnət məkanına çevrəcək və çevirir. Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında bu yerlərdə əsaslı quruculuq işləri həyata keçirilir, infrastruktur yenilənir, yollar çəkilir, hava limanları istifadəyə verilir, şəhərlərimizin müfəssəl hazırlanan baş planları təsdiq olunur.  Barbar ermənilərin illərlə divan tutduğu tarixi irsimiz bərpa olunur. Zəngilan rayonunun Üçüncü Ağalı kəndində unikal hesab edilən və əsasən 5 komponent üzrə aparılacaq ”Ağıllı kənd” layihəsinin icrasına başlaması, həmçinin orada yaşayış, istehsal, sosial xidmətlər, ”Ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələrinə yer verilməsi fikirlərimizi təsdiq edən faktlardandır. “Ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradacaq və Qarabağ regionunun həm də texnoloji innovasiya mərkəzi kimi cəlbediciliyini də artıracaq.  

Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Burada təməli qoyulan otel müasir səviyyədə inşa olunacaq, rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq. 110 nömrədən ibarət olacaq otel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. Otel kompleksinin ərazisində, həmçinin 15 kottec də qonaqların istifadəsinə veriləcək. Əlavə olaraq turizmin inkişafı məqsədilə Tuğ kəndi ərazisində Şərab zavodunun bərpası, Suqovuşan Su Anbarının ətrafında eyniadlı turizm kompleksinin yaradılması(5), sahilboyu gəzinti cığırlarının salınması, oturacaqların, söhbətgahların quraşdırılması nəzərdə tutulub. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacağın, turizm məlumat mərkəzi və ictimai iaşə obyektinin yaradılması da planlaşdırılır. 2026-cı ilə qədər əsas hədəf Ağdam və Füzuli şəhərlərini və 32 kəndi yenidən qurmaqdır. Kəlbəcər rayonunda isə məhşur “İstisu” sanatoriyasının təməli qoyulub, burada müalicə məqsədli turizm növünün bərpası nəzərdə tutulub. Bundan əlavə, Hadrut potensial turizm istiqaməti üzrə də inkişaf etdiriləcək. Prezidentin tapşırığı ilə layihələndirilən bütün işlərə start verilib və bəzi işlərdə isə sürət artırılıb (7).

Regionlarda turizmin inkişaf etdirilməsi üçün nəzərdə tutulan işlərdən biri də  kənd təsərrüfatının inkişafıdır. Bu yerli əhali üçün ərzaq təhlükəsizliyi ilə yanaşı turizm sənayesinin tərkib hissəsi olan qidalanma sektorunun əsas mənbəyidir. Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında əvvəlki sənaye sahələrinin bərpası ilə yanaşı yeni sənaye sahələri, istehsal müəssisələri yaradılır. 20 oktyabr 2022-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. Kənd təsərrüfatının inkişafı bura xarici investisiyanın cəlb edilməsinə də stimul yaradır. İndi azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatlarından da səmərəli istifadə, bunun hesabına yeni torpaqların əkinçiliyə cəlb olunması, müəyyən ərazilərdə suvarmanın keyfiyyətinin yüksəldilməsi hazırda yeni iqtisadi vəzifələr kimi özünü göstərir. Kəlbəcər rayonunda “Kəlbəcər1” Kiçik Su Elektrik Stansiyasının açılması ətraf ərazilərdə, “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası isə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq (8). Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyası işə salınması həmin rayonda əkin sahələrinin və yaşıllıqların salınması, suvarılması üçün əhəmiyyətlidir. Burada üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensial sayəsində kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq, bu məqsədlə də su stansiyalarının sayı getdikcə artırılrır.  Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun böyük su ehtiyatları var. Bu ərazilərdə Azərbaycanın su ehtiyatlarının 20-25 faizinin toplandığı təxmin olunur. İşğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı inşa olunur. Şərqi Zəngəzurun və Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə bu ərazilərdə iqtisadi inkişafına və aparılan bərpa-yenidənqurma işlərinə böyük töhfə verəcək, o cümlədən aqrar sahənin yüksəlişində mühüm rol oynayacaq.

İşğal edilmiş ərazilərin çoxsahəli potensialına uyğun olaraq, bölgədə iqtisadi fəaliyyətin tezliklə bərpası da diqqət mərkəzindədir. Sənaye zonalarının, istehsal sahələrinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində addımlar atılıb. Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyulub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” da  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə bərpa və quruculuq işlərinin sürətlənməsi əsas məsələdir.  Azərbaycanın bu qədim tarixə malik olan bölgəsində dağıdılmış tarixi mədəni-dini abidələrinin, qədim qalalarının, körpülərinin bərpası nəzərdə tutulmuş işlər içərisindədir. Zəngəzurda çox sayda pirlər, ocaqlar, ziyarətgahlar mövcuddur. Sisian rayonundakı Qırxlar, Salvartı pirləri, Qafan rayonundakı Prdavidan, Çiləxana pirləri, Meğri rayonundakı Buğakar piri, Laçın rayonundakı Quşçu, Ağababa, Sultan baba pirləri, Qubadlı rayonundakı Mir Sədi ağa ocağı, İmamzadə ocağı, Ağ Hasar piri zəngəzurluların hər zaman üz tutduqları müqəddəs ocaqlardır. Laçın rayonundakı Ağoğlan məbədi, Həmzə Sultan sarayı, Cicimli türbəsi, Sisian rayonundakı Ağüdi qəbirüstü abidəsi, Meğri rayonundakı Baba Hacı məqbərəsi, Zəngilan rayonundakı Bartaz Qız qalası, Məmmədbəyli türbəsi, Qubadlı rayonundakı Göy Qala, Dəmirçilər türbəsi, Mahrızlı, Dondarlı məscidləri kimi tarixi-memarlıq abidələrinin bir qismi erməni vandalları tərəfindən dağıdılmış, bir qismi də erməni irsi kimi qələmə verilir.  Sadalanan bu tarixi abidələr burada dini turizm və tarixi- memalıq abidələrinə ziyarət turizminin vacib elementləridir.

Qarabağ Azərbaycanın ən gözəl regionlarından biridir. Füsunkar mənzərəli təbiəti, zəngin mənəvi və mədəni ənənələri olan Qarabağ bir çox görkəmli azərbaycanlı alimlərin, şairlərin, yazıçıların, sənətkarların, musiqiçilərin və xanəndələrin doğulduğu yerdir. Qarabağ Azərbaycan musiqisinin beşiyidir. Azərbaycan xalq folklorunun ən qədim, ən nadir nümunələrindən olan yüzlərlə musiqi əsərləri Qarabağda yaradılmışdır. Məsələn: Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəylinin ev muzeyi misal göstərmək olar.Erməni barbarları burda da öz vəhşiliklərini nümayiş elətdirib tarixi şəxsiyyətlərimizin adına qoyulmuş abidələrə, muzeylərə ziyan vurmuşlar. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin — Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu, Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi.

Bildiyimiz kimi regionda turizmin inkişafını şərtləndirən amillərdən biri də konforlu yollar, nəqliyyat sistemidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən və həcminə görə ən böyük quruculuq sahəsi yolların çəkilməsidir. Azad olunmuş ərazilərdə ilk layihələr də elə yollarla bağlı olub. Suqovuşandan başlayan bu işlər tezliklə işğaldan azad edilən bütün əraziləri bir-birinə bağlayan yol şəbəkəsinin formalaşdırılması üçün meqalayihələrin həyata keçirilməsi ilə əlamətdardır. Artıq 2021-ci ildə əsası qoyulan 101 km-lik Zəfər yolunun xeyli hissəsinin tikintisi başa çatmışdır.  Bu günə kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 9 avtomobil və 2 dəmir yolu tikilib (7).  Zəngilan- Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub, inşası sürətlə davam etdirilir. Azərbaycan və Türkiyə şirkətləri Xudafərin-QubadlıLaçın və Xanlıq-Qubadlı avtomobill yollarının salınması üzərində işlər görürlər.  İnşası davam etdirilən Horadiz-Ağbənd dəmir yolu isə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəkdir. Zəngəzur Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin dəhlizinin magistralı ilə birləşməsindədir. Hazırda yolboyu 7 tunelin kintisi aparılır, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan bu yol-nəqliyyat infrastrukturu işğaldan azad edilən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq (8). Həmçinin bölgəyə daha rahat və tez şəkildə çatmaq üçün işğaldan azad olunmuş ərazilərdə Füzuli , Zəngilan, Laçın beynəlxalq 3 hava limanlarının fəaliyyəti gözlənilir ki, bu da logistika və turizm baxımından əhəmiyyətlidir. Həmçinin Şərqi Zəngəzur iqtisadi rayonunun potensialından istifadə olunması, həmçinin sənaye və kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılması baxımından da yeni aeroportların inşa edilməsi, istifadəyə verilməsinin əhəmiyyəti böyükdür.

Qarabağın iqlimini, təbii sərvətlərini, regional əhəmiyyətini nəzərə alsaq onun dünya əhəmiyyətli ekoturizm mərkəzinə çevrilməsi deməkdir. Lakin biz Qarabağda turistlərə keçən əsrin 80-ci illərində olan müalicə, tanışlıq kimi turizm növlərindən fərqli hansı turizm növlərini təklif edə bilərik?

Dünyanın bir incisi olan Qarabağımızın canlı təbiətin edilən qəsdlər, ağacların kəsilməsi, meşələrin yandırılması, orada yaşayan nadir heyvan cinslərinin məhv edilməsi – bunların hər biri erməni vandalizminin nəticəsidir. Otuz illik işğal dövründə ermənilər Qarabağın və Şərqi Zəngəzurun təbiətinə məqsədli şəkildə, bilərəkdən, vandallıqla qəsd ediblər. Yeraltı və yerüstü sərvətləri, flora və faunanı, tarixi, mədəni-dini abidələri, nadir təbiət incilərini dağıdıblar. Əfsuslar olsun ki, ermənilər həmin gözəl və bərəkətli meşələri, çayları, meşələri, təbii abidələri ekoloji terrora məruz qoymaqla öz iç üzlərini açıb göstəriblər. Otuz ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilən ərazilərin yeraltıyerüstü sərvətləri erməni vandalları tərəfindən talanıb, qarət olunaraq Ermənistana daşınmışdır. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində hər iki bölgədə ekologiyaya ciddi ziyan dəyib. 2020-ci ildə zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi təbiətimizə 30 il qənim kəsilən erməni barbarlarının işğalından azad etdiyimiz 43min hektara yaxın xüsusi mühafizə olunan 2 dövlət qoruğu, 4 dövlət təbiət yasaqlığı olub. Təbii ki, onların yenidən bərpası nəzərdə tutulub, mövcud vəziyyətlə bağlı qiymətləndirilmələr aparılıb. Bunu qeyd etmək yerinə düşər ki, Avropanın yeganə təbii çinar massivindən ibarət olan Bəsitçay qoruğundakı ağacların yarıdan çoxu kəsilib məhv edilib Qarabağda olan 152 təbiət abidələri qeydə alınmışdır. Burada 8 xüsusi qiymətli meşə sahəsi, Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı Kitab”a düşən Ayı fındığı ağacları da kütləvi şəkildə qırılması, 145 Şərq çinarı,450, 500, 2000 il yaşları olan ağacların məhv olunduğu, və digər təbii sərvətlər uzun illər ağır və misli görünməmiş talanla üz-üzə qalması faktları ilə qarşılaşmaq olar. Bu da ermənilərin ekologiyaya ziyan vurduğu faktı göstərir (10). Bütün bu faktlar ekologiyaya dəyən ziyan, həmçinin ekoloji turizm mənbələrinin məhvi deməkdir.

Tarixi abilərimizin, məscidlərimiz, tarixi şəxsiyyətlərimizə aid müxtəlif heykəllərin dağıdılması, sözün əsl mənasında daş üstə daş qalmaması müasir insanların burada rastlaşdığı mənzərələr içərisindədir.  Ağdamda Zəfər və İşğal parkı, Füzuli, Ağdam, Cəbrayılda isə dağıdılmış mədəniyyət müəssisələri xoşagəlməz hal olsa da, bunlar “dark turizm”nin elementlərindəndir. Hazırda Qarabağa səyahət edən turistlər dünyanın heç bir yerində görmədikləri mənzərə ilə yalnız burada tanış ola bilərlər. Bir tərəfdə unikal iqlim, digər tərəfdə keçmiş erməni vəhşiliyini əks etdirən mənzərələr, başqa bir tərəfdə isə müasir Azərbaycanımızın qurub yaratdığı yeni infrastruktur nümunələri. Dünyanın heç bir yerində bu qədər ziddiyyətli görüntülərə eyni anda, eyni ərazində rast gəlmək olmaz. Biz müasir turisti maraqlandıran, təəccübləndirən, özünə cəlb edən yeni turizm imkanlarımızdan istifadə edərək həm ölkə turizmimizin inkişafına nail olmaq, həm də erməni vəhşiliklərinin dünyaya çatdırmaq, həm də Azərbaycan reallıqlarının dünyaya çatdırılmaq kimi hədəfləri eyni anda həyata keçirə bilərik.

30 illik əsarətdən sonra Azərbaycanın nadir incisi olan bu regionumuz artıq bir sıra beynəlxalq forumlara, festivallara, tədbirlərə ev sahibliyi edir.  Buna misal olaraq, Xarıbülbül beynəlxalq musiqi festivalı, Şuşa qlobal media formu, Birinci beynəlxalq kulinariya festivalı bu qəbildən olan tədbirlərdəndir. Düşünülmüş olaraq atılmış bu addımlar bölgəyə turist axının artmasına, erməni barbarlarının iş üzlərinin tanıdılmasına, Azərbaycan reallıqlarının bütün dünyaya çatdırılmasında əhəmiyyətli addımlardır. Artıq respulikamızın bu bölgəsinə dünyanın istənilən ölkəsindən xarici turistlər gəlib, tanış ola bilərlər. Odur ki, bütün bunlar turizmin iqtisadiyyatla yanaşı siyasi-təbliğ tərəfinin olduğunu deməyə imkan verir. Dünya turizm sektorunda bu çox böyük güc deməkdir.

Laçın-Kəlbəcər, Qubadlı-Zəngilanda kənd-yaşıl turizmi, qış və sağlamlıq eko, dağ, qış, ovçuluq, dini, sağlamlıq, rafting, hayking, piyada və s. kimi turizm növlərinin inkişaf etdiriləcəyindən əlavə tarixi Xudafərin körpüsü, ilk insanı məskəni olan Azıx mağarası gələcəkdə ən populyar turist marşrutlarından hesab olunur. Burada yaşayan yerli əhalinin adət ənənələri və qonaqpərvərliyi turizm üçün əlavə imkanlar açır.

Bildiyimiz kimi Zəngəzur dəhlizinin açılması Avrasiya məkanını bir-birinə birləşdirən vacib element olması ilə yanaşı həm də Azərbaycanın əsas hissəsini Naxçıvanın beynəlxalq logistika və turizm mərkəzinə çevrilməsi potensialını artıracaq. Uzun illərdir ki, Türkiyə ilə türk dünyasını, Azərbaycanla Naxçıvanı bir-birindən ayıran Zəngəzur dəhlizi açılmaqla regionda yeni reallıqlar yaranacaq, bu dəhliz bütün dünya üçün faydalı bir dəhlizinə çevriləcək.Yeni dəhliz Azərbaycanın dənizə çıxışı olmayan Naxçıvanı iqtisadi blokadadan çıxarması Azərbaycan üçün yeni iqtisadi inkişaf imkanları yaratmaqla həm səyahət vaxtını qısaldacaq, həm də nəqliyyat xərclərini azaldacaq. Bu o deməkdir ki, tolerant ölkə olan Azərbaycana, keçmiş SSR-dən fərqli olaraq dünyanın bütün ölkələrindən gələn turistlərə vaxt və məsafə baxımından Qarabağ bölgəsinə səyahətlərini daha da əlçatan edəcək. Qarabağda turizmin inkişafı özü ilə bərabər otelçilik sektorunu da irəli aparmağa imkanlar yaradacaq. Gördüyümüz kimi, Qarabağ iqtisadi rayonlarının inkişafının turizm dənayesinn inkişafı ilə birbaşa bağlıdır. Həm təbiətinin əlverişli olması, həm də yenidənqurma və bərpa işlərinin müasir dövrün tələblərini nəzərə almaqla aparılması həmin ərazidə turizmin inkişafını daha da sürətləndirəcəkdir. Həmçinin burada beynəlxalq turizmin inkişafı, ölkəyə xarici turistlər tərəfindən gətirilən xarici valyutalar və onların Azərbaycanın milli valyutası-manatının güclənməsinə, bölgənin sosial-iqtisadi inkişafının sürətlənməsinə verəcəyi töhfələr də müsbət nəticələr sırasındadır. Bu isə Azərbaycanın 2030-cu ilə qədər həyata keçirilməsi nəzərdə tutulan, sosial və iqtisadi inkişaf məsələlərini əhatə edən milli prioritetlərdə də öz əksini tapmış daxili və xarici təsirlərə qarşı dayanıqlılığa nail olunmasına kömək edəcək faktorlardandır.

Nəticə. Bir zamanlar erməni tapdağı altında qalan Qarabağ, Şanlı qələbəmizdən sonra quruculuq, abadlıq, inkişaf dövrünü yaşayır. Şərqi Zəngəzur-Naxçıvan turizm marşrutu üzərində olan ərazilərdə bütün görülmüş və görüləcək işlər bölgənin iqtisadi inkişafı, insanların sosial vəiyyətinin yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına və bütün bunlarla əlaqədar olaraq buraya əcnəbi qonaqların axınına səbəb olacaqdır. Keçmişdə olan turizm növlərinin bərpası ilə yanaşı burada qış turizminin inkişaf etdirilməsi, “qara turizm” vasitəsilə, dünyanın heç bir yerində olmayan xüsusi barbarlıqla dağılmış və son dərəcə müasir binaların bir arada olduğu görüntülər, şəhər həyat tərzindən, səs-küyündən aralı, əvəzedilməz iqlimi ilə seçilən bu ərazilər təbii ki, turistlərin marağına səbəb olacaqdır. Eyni zamanda Boyük İpək yolunun bir hissəsi olan Zəngəzur dəhlizinin açılması, onun prespektivliyi baxımından ortaya qoyduğu imkanlar bir çox dövlətlərin siyasi, iqtisadi maraqları ilə bir müstəvidə yer almaqla yanaşı, regional və beynəlxalq səviyyədə əməkdaşlığa öz töhfəsini verəcəkdir. Bu da Şərqi Zəngəzur turizm marşrutundan xeyli sayda turistlərin istifadə edəcəyi deməkdir.   

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp