Qərbi Azərbaycanın yazılmamış tarixiMəhbubə Əliyeva - AMEA-nın Tarix və Etnologiya İnstitutu, elmi işçi
E-mail:mehbubemamedova80@gmail.com

Zəngin, özünəməxsus tarixi olan Göygöl-Hacıkənd bölgəsinin gözəl təbiəti, təmiz havası, yeraltı və yerüstü sərvətləri əsrlər boyu müxtəlif xalqları bu ərazilərə cəlb etmişdir. Müxtəlif xalq, etnik və etnoqrafik qrupların nümayəndələri kimi ermənilər də bu bölgələrə köçürülmüşdür. Təxminən onlarla eyni vaxtda bu ərazilərə yerləşdirilən alman kolonistləri ermənilərdən fərqli olaraq bir çox yenilik gətirdilər. Helenendorf şəhərinin salınması, bölgə üçün xarakterik olmayan memarlıq üslubu, yaşayış evlərinin, iaşə obyektlərinin, sənətkar emalatxanalarının tikilməsi, parkların salınması, Azərbaycan ərazisində ilk su elektrik stansiyasının Gəncə çayının üzərində tikilməsi, 1903-cü ildə Köşkü kəndi ilə Üçbulaq (Murud) kəndi arasında yerləşən meşədəki bulaqlardan, yəni 13 km məsafədən su çəkilməsi, 1890-cı ildə Gəncə çayı yaxınlığında dördmərtəbəli su dəyirmanının tikilməsi və burada müxtəlif növ unun istehsal olunması, kirəmit və kərpic zavodlarının, mədəniyyət evinin, şərab zavodunun və digərlərinin istifadəyə verilməsi alman işgüzarlığının, zəhmətkeşliyinin nəticəsidir. Almanların sonrakı taleyi tarixçilərə yaxşı məlumdur…  Qurucu almanlardan fərqli olaraq dağıdıcı ermənilər 1990-cı illərin əvvəllərinə qədər bölgədə bərkiyə bildilər. Biz Göygöl rayonunda olarkən orada yaşayan insanlarla söhbət zamanı çox maraqlı faktlarla tanış olduq. Belə ki, vaxtilə bu gözəl səfalı yerlərdə məskunlaşma adı altında İrandan, Gürcüstandan, Osmanlıdan,  Livandan, Suriyadan, Yunanıstandan gətirilib yerləşdirilən ermənilər torpaqlarımızı özününküləşdirmək məqsədilə qədim toponimlərimizi dəyişərək alban məbədlərinə yamaq olaraq öz xaçlarını yerləşdirdilər. Sonrakı dövrlərdə onların havadarlarından olan SSRİ rəhbərliyi Qərbi Azərbaycanda da yerlərini rahat etmək məqsədilə 1948-ci ildə azərbaycanlıları öz dədə-baba yurd yerlərindən deportasiya, sürgün etdi… 

Biz Gəncədə məcburi köçkün həyatı yaşayan bir neçə ailə ilə görüşdük və bütöv bir nəslin dəfələrlə el-obasından, yurdyuvasından didərgin düşməsinin, öz doğma vətənindən məcburi olaraq deportasiya olunmasının yaddaşlarda nə qədər dərin iz qoyduğunun şahidi olduq. 

Hələ 1905-ci ildən başlayaraq,  daha sonra 1918-ci ildə baş verən hadisələr, yaşananlar unudulmamış, 1948-1953-cü illərdə Azərbaycan türklərinin əzəli-əbədi tarixi torpaqları olan İrəvan ərazilərindən etnik təmizlənməsi başlayır. Məskunlaşdırma adı altında minlərlə insanın taleyi ilə oynanılır. Moskvanın razılığı və xeyir-duası ilə Azərbaycan türklərinin dədə-baba yurd yerləri olan Ermənistan SSR ərazisindən qovulmasının növbəti mərhələsi başlanır. Köçürülmənin həyata keçirilməsi 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və digər Azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qəbul etdiyi 4083 saylı qərarla rəsmiləşdirildi. Bu qərara görə 100 min azərbaycanlı 1948-1950-ci illərdə “könüllülük prinsipinə əsasən” Azərbaycan SSR-ə köçürülməli idi. Onun 10 mini 1948, 40 mini 1949, 50 min nəfəri isə 

1950-ci ilin payına düşürdü. Qərarın 11-ci maddəsində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlıların köçürülməsi ilə bağlı onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xarici ölkələrdən Ermənistan SSR ərazisinə köçürülən erməniləri yerləşdirmək üçün istifadə etməyə icazə verilir. Bu  proresin həyata keçirilməsini sürətləndirmək üçün SSRİ Nazirlər Soveti 1948-ci il 10 mart tarixli “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” qərarı ilə konkret tədbirlər planı hazırladı (ARMAİ, 2013). Burada yazılan qərarlar neçə-neçə insanın həyatında acı xatirələrlə yadda qalan hadisələrə, fəlakətlərə yol açdı.  İtkin düşən, dünyasını dəyişən, həyatı arzuları ilə bərabər alt-üst olan insanlar dəfələrlə, istər 1905-ci, istər 1918-ci, istər 1948-ci, istərsə də daha yaxın tarix olan 1988-ci illərdə deportasiyaya, qaçqınlığa, köçkünlüyə məruz qalsalar da, daim ürəkləri Vətən həsrəti ilə döyünüb, Vətənə qayıtmaq arzusu ilə yaşayıblar… 

Göyçə mahalının Cil kəndindən olan İmran Məmmədovla ailə həyatı quran 82 yaşlı Səadət Balıyeva bu günə qədər qəlbində daşıdığı acılı-şirinli xatirələrini bizimlə bölüşdü… O, 1941-ci ildə Nurnus kəndində doğulsa da, uşaqlığı Vedi rayonunun Şirazlı kəndində keçmişdir.

Vedibasar mahalı XIV-XIX əsrlərdə inzibati ərazi olmuşdur. Adını Vedi çayının adından götürən Vedibasar mahalı Osmanlı dönəmində İrəvan xanlığının tərkibinə daxil idi. Daha sonra mahalın ərazisində Şərur-Dərələyəz qəzası təşkil edilmişdir. Osmanlı İmperiyasının 1590-cı ilin icmal dəftərində İrəvan əyalətinə tabe olan Vedi nayihəsindəki kəndlərin adları verilmişdir. 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasına tabe olan Vedi nahiyəsindəki mövcud kəndlərin arasında Səadət Balıyevanın yaşadığı Şirazlı kəndinin də adı var. İrəvan livası 1727-ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati-ərazi vahidi idi. İnzibati mərkəzi İrəvan şəhəri olan İrəvan livası da nahiyəyə bölünürdü (Petruşevski, 1949).

Vedibasar mahalının Vedi rayonundakı Şirazlı kəndinin adı Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə dəyişdirilib Vosgetap qoyulmuşdur.

Səadət Balıyeva hələ 1918-ci ildə öz nənəsinin də qaçqınlıq həyatı yaşadığını söyləyir. Deyir ki, “nənəm Zəhra Əmiraslan qızı 1900-cu ildə İrəvanın Kənəkir rayonunun (sonradan erməniləşdirilərək Kotayk olmuşdur – M.Ə.) Göykilsə kəndində, babam Məhəmməd Qulu oğlu isə  Kənəkir rayonun Nurnus kəndində anadan olub. Nənəm 18 yaşınadək Göykilsədə yaşayıb. Göykilsə kəndində dağın başında uçuq bir kilsə vardı. Göy daşdan tikildiyi üçün adına Göykilsə deyirdilər. Ora həm azərbaycanlılar, həm də ermənilər gedirdilər. İndi düşünürəm ki, bəs azərbaycanlılar niyə gedirdilər?! (Bəlkə də ona görə ki, ora qədim alban məbədi olub… – M.Ə.)… 1918-ci ildə nənəmin 18 yaşı olanda ermənilər tərəfindən azərbaycanlılara qarşı başlanan hücumlar, təzyiqlər nəticəsində qovularaq, bütün elliklə öz doğma yurdlarını tərk etməyə məcbur olub, gecə ikən evdən qaçıblar”. Səadət Balıyeva deyir ki, “Zəhra nənəmin söylədiyinə görə, kimin evində qız uşağı vardısa, onlar gecə ilə qaçırdılar ki, qızları erməni alçaqlarının əlinə keçməsin. 1918-ci ildə onlar qaçırlar Türkiyənin Qars, Iğdır, Trabzon şəhərlərinə”

Danışdıqca fikir verdim ki, Səadət xanım çox həyəcanlanır. Bu narahatçılığının səbəbini soruşanda dedi ki, “nənəmə həyatda olmasa belə, yazığım gəlir. Çünki deyirdi ki, ayağımız yalın, başımız açıq, ac, susuz qaçırdıq. Nə qadına rəhm edirdilər, nə uşağa, nə qocaya baxırdılar, nə cavana. Gecənin qaranlığında göz-gözü görmürdü, ayağımız yalın olduğundan hiss edirdik ki, sulu bir yerdən keçirik, səhər açılanda baxırdıq ki, su deyilmiş, “qan imiş”. Hətta bəzi ürəyi susuzluqdan yananlar qaranlıqda su bilib içmək istəyəndə, ovuclarındakının qan olduğunu görüblər. Ayaqları yalın olduğundan iri-iri tikanlar ayaqlarını deşik-deşik edibmiş”. Tez-tez dolan gözlərini silir, “Allah heç kimə göstərməsin, bala, çox ağır dərdli xatirələrdi. Allah heç düşmənimə də göstərməsin” – deyirdi. 

Baxın, bir Azərbaycan Anasının,  bir Türk Anasının, nənəsinin ürəyinə! Düşmənin onlara yaşatdığını, o, düşməninə belə arzulamır. Çox qəribə bir paradoksdur. Maraqlıdır, görəsən, erməni qadını, erməni anası necə düşünür?! Bir neçə saniyə susdu. Sorusanda, dedi ki, “ babam Məhəmməd Qulu oğlu (kənddə bir neçə Məhəmməd olduğundan babasına Qulu oğlu deyirlərmiş) həmişə o qaçaqaçdan danışanda ağlayırmış. Deyirmiş ki, o alçaqlarla aramızda ara-sıra dava düşürdü, bizi qıcıqlandıracaq, özümüzdən çıxaracaq hərəkətlər edirdilər. Amma birdən-birə qəfil bizə hucum edərək ev-eşiyimizi talan edib, yerdə qalanı da od vuraraq yandıracaqları heç ağlımıza da gəlməzdi. Onların bu alçaq hərəkətləri heç bir çərçivəyə sığası deyil. Deyir, babam söyləyirdi ki, bütün el-oba, bütün kənd qaçıb canını qurtarmağa çalışırdı. Zülmzillətlə, çox ağır şəraitdə canlarını qurtaranlar bir müddətdən sonra ara sakitləşəndə öz evinə, elinə, obasına qayıtmağa can atırdılar. Axı o yerlər onların dədə-baba yurdları idi. İnsan harada olursa-olsun, öz vətənı, öz torpağı hər şeydən üstündür. Günü-güzəranı yaxşı da olsa, pis də olsa, Vətən vətəndi.  Deyir, bala, bu, sanki bizim alnımıza yazılıb. Bizim nəsıl-kök elə mən gözümü dünyaya açandan davamlı olaraq qaçqın həyatı yaşayıb. Nənəmgil, anamgil və bir də mənim özüm. Bizim kimi minlərlə ailələr vardı. Hadisələr bir az sakitləşəndən sonra Zəhra nənəmgil qayıdırlar öz evlərinə. Qürbətdə vətən həsrəti ilə çox yaşaya bilmirlər. Amma gələndən sonra gördükləri mənzərə daha dəhşətli olur. Öz doğma evlərində hansısa bir erməni ailəsinin məskunlaşdığını görən nənəmin atası Əmiraslan babam göz yaşlarını saxlaya bilmir. Deyir ki, o vaxtlar qızlara əl işləməsi ilə olan cehizliklər tikilirdi.  Məhəmməd babam həmin cehizlikləri evlərinə həyasizcasına soxulmuş erməni qadının əlində görür və deyir ki, bütün ailəmi, həyat yoldaşımı, oğlumu, qızımı itirmişəm, heç olmasa, yoldaşımın öz  əllərilə toxuduğu o naxışlı cehizlikləri ver. Evimə yiyələnmisiz,  malımı, mülkümü, bağımı-bağatımı, hər şeyimi almısınız,   barı qızımın cehizliklərini verin. Evdə Ala Tamam adlı bir erməni qadın yaşayırmış. Deyib “ay Məhəmməd qardaş, talan idi, hərə bir şey götürürdü, mən də bunları götürdüm. Niyə verim ki, işlədirəm, vermərəm”…

                     

Səadət Balıyevanın babasıgilin evinə soxulan ala Tamam adında coxuşaqlı erməni qadın çox yoxsul imiş. Qaçqınlından qabaq Əmiraslan babası onlara yazığı gəldiyindən əl tutur, istər yeməklə, istərsə də geyim-gecimlə kömək edirmiş…

Səadət xanım deyir ki, “elə mənim özüm də 1948-ci ildə 67 yaşımda birinci qaçqınlığımı yaşamışam”. Səadət ananı çox yormayım deyə bir az dayanıb gözlədim. Və bu yerdə Şirməmməd Huseynovun bir fikri yadıma düşdü. Şirməmməd Hüseynov sovet dövrünün iqtisadi durumunu araşdırarkən çox gözəl, yerli-yerində tutarlı subutlar ortaya qoymuşdu. On beş sovet respublikası arasında kənd təssərrüfatı və sənaye sahəsində Azərbaycan üzərinə düşən öhdəçiliyi artıqlaması ilə yerinə yetirdiyi halda, ən az məhsul verən respublika Ermənistan olurmuşdu. Hələ sovetlər birliyi dövründə Ermənistan Moskvadan ayrılmış dotasiya hesabına yaşayan respublikalar arasında birinci idi. Və yenə də əlavə olaraq vurğulayım ki, Azərbaycan digər on dörd respublikadan fərqli olaraq, öz əhalisinin sayına və ərazisinin miqyasına görə İttifaq büdcəsinə ən çox gəlir verən respublikaların arasında birincisi idi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev 30 oktyabr 1997-ci ildə Azərbaycan Yazıçılarının X qurultayındakı nitqində demişir: “… o vaxtlar – Sovetlər İttifaqı dağılarkən təhlil aparılmışdı və bu təhlil göstərmişdi ki, on beş respublikadan iki respublika tam müstəqil yaşaya bilər. Onlardan biri Rusiyadır, ikincisi Azərbaycandır”.

Bu gün də Ermənistan xarici diaspor təşkilatlarının göndərdiyi ianələr, yardımlar və erməni lobbisinin təsiri altında olan bəzi xarici dövlət qurumlarının, imkanlı adamların yardımı ilə yaşayır.  Bu da o deməkdir ki, onlar fərd olaraq da, dövlət olaraq da başqalarının hesabına yaşamağa öyrəniblər. Bir qədər dincələndən sonra Səadət xanım söhbətinə davam edir: “1948-ci ilin yaz ayları idi. Mən 6-7 yaşında olardım. Yadıma gəlir ki, kəndin ağsaqqalları, 7-8 adam burda, 5-6 adam orda, bir neçə adam kəndin başqa-başqa yerlərində yığışıb nəyisə müzakirə edirdi.  Uşaq olsam da, insanların üzlərindəki o narahat, gərgin, narazı ifadələr hələ də gözümün qabağındadı. Nənəmgil evdə narahat, gərgin bir halda anamla nəyi necə edəcəkləri barədə söhbət edirdilər. Bu hadisələr artıq nənəmgilin 1918-ci il qaçqınlığından sonra yeni-yeni özlərinə gəldikləri vaxt baş verirdi. Təssəvvür edin ki, bir nəsil bir neçə dəfə qaçqınlıq, məcburi köçkünlük, deportasiya yaşayıb. Bizim kənddən əvvəlcə kişilər gedib köçəcəyimiz yerlərə baxmalı, sonra isə gəlib hərə öz ailəsini aparmalı idi. Babamgili Sovetlər Birliyi dövründə Mirbəşir, indiki Tərtər rayonuna gətiriblər”. 

 

(soldan sağa) Məhbubə Əliyeva, Səadət Balıyeva və İmran Məmmədov

Söylənənlər məni də, Səadət Balıyevanın həyat yoldaşı İmran Məmmədovu da  dəhşətə gətirirdi: “Yük qatarının bir vaqonuna bir neçə ailənin həm əşyaları, həm icazə verilən qədər malı-heyvanı, həm də ailə üzvləri yerləşdirilmişdi. Yük qatarında pəncərə olmadıgından hər stansiyada saxlayıb qapıları açıb vaqonun havasını dəyişirdilər. Qatar İran sərhəddi boyu gedirdi. Sərhəd boyu ərazilərdə iranlı qadınların əyinlərində ağ şalvar çəltik əkdiklərini görürdük. 3 gün qatarla yol gəldik. Bizi Yevlaxda düşürtdülər. Bir neçə gündən sonra bölməyə başladılar. Və, beləcə, bölgü zamanı gəldik, düşdük Tərtər rayonuna. O vaxt kolxoz sistemi oldugundan,  kolxozun böyük, iri qazanları varıydı pendir mayalamaq üçün. O qazanları da,  mal-qaranı da, hətta kolxozun itini də bölərək azərbaycanlıları koçürmüşdülər. Bu insanların günahı nə idi ki, isti ocağından, evindən-eşiyindən didərgin düşüb, hara gedəcəkləri, həyat şəraiti bəlli olmayan, tamam başqa bir iqlim şəraiti olan ərazilərə məcburi köçürülüb, soyuq, sərin yerlərdən gəlib düşüblər isti arana, Mil-Muğan ərazilərinə. İqlim şəraitinə uygunlaşa bilməyən bu yaziq insanlar isitmə xəstəliyinə tutulublar və çoxları da dözməyib dünyasını dəyişiblər. Elə mənim özüm də isitmə (malyariya deyirdilər) tutmuşdum. Nənəm mənə deyirdi ki, ay yetim, gərək elə hər şey gəlib səni tutaydı (mənim atam 1941-ci ildə Böyük Vətən müharibasinə gedib qayıtmamışdı, axırıncı məktubu Ukraynanın Donetsk vilayəti uğrunda gedən döyüşlər zamanı yazdığı olmuşdu: “Ayna, biz keçirik kəşfiyyata, gec yazsam narahat olmayın. Qayıdandan sonra yazacam”… lakin bir daha yazmamışdı. 1947-ci ildə qara məktub deyilən üçkünç məktub gəlib ki, Donbas uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur). Orada yaşadıqları müddətdə nə çətinliklər, nə əzab-əziyyətlər çəkdiklərini təssəvvür etmək elə də çətin deyil. Azərbaycan höküməti gələn məcburi köçkünlərə yardım məqsədi ilə yerli camaatdan kimin iki evi varıydısa, onun birində gələn köçkünləri yerləşdirirmiş”.

Səadət Balıyevanın nənəsini orta məktəbə xadimə götürür-

lər. Babası gözətçi işləyir. Anası isə evdə toyuğa, cücəyə, ev işlərinə baxırmış. İnsanlar ən çox içməli sudan əziyyət çəkirmişlər. Su, demək olar ki, yox imiş. Hamı çaylardan lilli suyu götürüb 2-3 gün dinməyə qoyur, lili çökəndən sonra süzür və bu yolla içməli su əldə edirdi. Öz dədə-baba yurdlarında dağlardan süzülüb gələn bulaqların dupduru, bumbuz suları hara, lilli su hara… Bu da bir sıra xəstəliklərə yol açırdı.

Bir müddət keçəndən sonra bu yerlərdə neçə il yaşamaqlarına baxmayaraq, uyğunlaşa bilməyib geri, öz doğma yurdlarına-yuvalarına qayıtmağa qərar verirlər. Bu dəfə Nurnusa qayıtmırlar. Qız qalası adlanan kəndə qayıdırlar. Qız qalası həm yaylaq, həm də qışlaq idi.  Kənddə qalan dağılmış evlərin qalıqlarından görünürmüş ki, kənd böyük kənd olub. Qala isə uca bir dağın ən hündür yerində imiş. Qalanın damı tamamilə ucublub sökülmüş, yan divarlarında pəncərələrin və qapının yeri qalıbmış. Qala tikintisində istifadə olunan daşların böyüklüyü o dövrə görə insanlar arasında çox təəccüb doğururdu. Daşlar elə böyük imişlər ki, onların ora nə ilə və necə qoyulması möcüzə hesab olunurdu. Mamır basmış, dağılmış daşların üstündə çox gözəl,  rəngarəng, əlvan, ətirli çiçəklər də bitibmiş. Səadət Balıyeva deyir ki,“o çiçəklərdən hələ bu yerlərdə görməmişəm”. Arada həyat hekayəsinin adi, lakin yadda qalan maraqlı səhifələrini də vərəqləyən Səadət xanım deyir:“Mənim altı yaşım olardı. Bir gün başım necə gülə, çiçəyə qarışıbsa,  yığa-yığa çıxmışam düz dağın başına. Gördüm ki, bir quş yuvası var, içində də bircə dənə bala. Yanında da çoxlu ölü kor siçanlar. Tutub gətiribmiş ki, balasını yemləsin. Kor siçanlar ağ rəngdə olur. Gündüzlər gözləri görmür. Nə isə, uşaqlıqdı da, götürdüm bu balanı sevinə-sevinə dağdan enib gəldim evə. Zəhra nənəm quşu görüncə, tez əlimdən aldı, özümə də bir-iki yaxşı sillə çəkdi. Sən demə, bu, qartal balası imiş. Nənəm elə əsəbləşdi ki, “balanı niyə yavasından götürmüsən, ay yetim, demirsən ki, anası gələr, sənin gözünü çıxardar, özüdə nə… qartal balası.  Nənəm deyir ki, anası hər gün kəndin üstündə uçurmuş ki, bəlkə balasını görə. Yəqin ki, balasını axtarırmış. Sonra kənddə olan erməni Suren gəlir ki, “ay Zəhra bacı, o quşu ver mənə saxlayım. Nənəm də verir.  Aparıb ayaqlarını qar-qaraya salıb bağlayıb dama. Bir neçə ay saxlayandan sonra, dedi ki, qapıda toyuq-cücəyə hücum edir deyə apardım, verdim vəhşixanaya (zooparka-M.Ə). Səadət ana söyləyir ki, nənəm mənə həmişə deyir ki, “sən qartalı balasından ayırdın, ona gorə də, özün də  atadan yetim qaldın”…

Bu, tarixin yazılmamış səhiflərini dolduran, minlərlə qaçqının, məcburi köçkünün yaddaşında özünə dərin yer edən, bitib-tükənməyən acı xatirələrin cüzi hissəsidir. Əslində bu da bir tarixdir, sadəcə daş kitabələrdən, qədim əlyazmalardan, arxeoloji qazıntılardan, səyyahların yol qeydlərindən deyil, o dəhşətləri yaşayan insanların yaddaşında silinməyən iz buraxan, alınlarındakı dərin qırışlarda özünə əbədi yer edən tarix!

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp